Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Korporativ İdarəetmə şirkətin fəaliyyətinin təmin edilməsinə birbaşa təsir göstərən, həmçinin şirkətin gələcək inkişafını səciyyələndirən qanunların, proseslərin, siyasətlərin, şirkətdaxili qaydaların və strateji xarakter daşıyan göstərişlərin toplusudur.
Korporativ İdarəetməni təşkil edən sənədlər toplusu şirkətin müvafiq idarəetmə orqanları arasında hüquq və öhdəliklərin düzgün bölüşdürülməsini, həmçinin səlahiyyətləri çərçivəsində effektiv və operativ fəaliyyət göstərməsini, o cümlədən şirkətin inkişafına təsir edən digər idarəetmə prinsiplərinin müəyyənləşdirişilməsini təmin edir.
Liderlik
Liderlərimiz şirkətin ümumi inkişaf istiqamətini və gələcəyə baxışını müəyyənləşdirir, insan resurslarının şirkətin dəyər və məqsədlərinə söykənərək çalışmasını təmin edir, yeni biznes əlaqələrinin qurulmasını, o cümlədən yeni sosial yönümlü layihələrin təbliğ edilməsini həyata keçirir, ətrafdakıları ruhlandırır və motivə edir.
Rəhbərliyin funksiyaları
Şirkətimizin rəhbərliyi aşağıdakı funksiyaları həyata keçirir:
İdarəetmə orqanları
“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin korporativ idarəetmə sistemi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınaraq və beynəlxalq korporativ idarəetmə standartlarından və təcrübəsindən yararlanaraq qurulmuşdur və bu sistem aşağıdakılardan ibarətdir:
Şirkətimizdə Korporativ İdarəetmənin tətbiqində əsas məqsəd qanunvericiliyin tələblərinə riayət etməklə korporativ idarəetmə orqanları arasında qarşılıqlı xoşməramlı münasibətlərin yaradılması və qorunub saxlanılması, onların arasında effektiv əməkdaşlığın qurulması və vaxtlı-vaxtında şəffaf məlumatların verilməsidir.
Bizim şirkətdə korporativ idarəetmənin əhəmiyyətli rolunun artırılması ilə yanaşı, korporativ mədəniyyətin və korporativ etikanın inkişafına da xüsusi diqqət yetirilir. Şirkətimizin korporativ idarəetmə sahəsində atılmış mühüm addımlardan biri də 2014-cü ilin yanvar ayında "Etik Davranış Kodeksi"nin qəbul olunmasıdır.
PAŞA Sığortada qərar qəbul edən baş orqan – şirkətin səhmdarlarının ümumi iclasıdır. Səhmdarların Ümumi İclası ildə bir-iki dəfə toplanır və şirkətin inkişafının əsas istiqamətlərini müəyyən edir. Yığıncağın bütün qərarları səs çoxluğu ilə qəbul olunur və müvafiq qaydada protokollaşdırılır.
Direktorlar Şurası
PAŞA Sığortanın fəaliyyəti üzərində ümumi nəzarətin və rəhbərliyin həyata keçirilməsi Direktorlar Şurası tərəfindən təmin olunur. Direktorlar Şurası şirkətin biznes strategiyasının və strateji layihələrin təsdiqi, reallaşdırılması və icra olunmasına ümumi nəzarəti həyata keçirir.
Şuranın tərkibi sədr də daxil olmaqla 7 nəfərlik heyətdən ibarətdir, beynəlxalq və yerli şirkətlərin biznes, idarəetmə, əməliyyat və təşkilati sahələrində uzunmüddətli təcrübəyə malikdirlər. Şuranın bütün qərarları səsvermə nəticəsində qəbul olunur və bütün iclasları protokollaşdırılır.
Təftiş Komissiyası
PAŞA Sığortanın maliyyə təsərrüfat fəaliyyətinə nəzarət Təftiş Komissiyası tərəfindən həyata keçirilir. Komissiya şirkətin maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət edir, şirkətin illik maliyyə nəticələrinə dair tövsiyə və rəy bildirir, Daxili Audit Xidmətinin fəaliyyətinə nəzarəti həyata keçirir.
Komissiyanın üzvləri maliyyə və nəzarət sahəsində əsaslı təcrübəyə malik namizədlərdən təşkil olunmuşdur və 3 nəfər heyətdən ibarətdir. Komissiyanın bütün qərarları səsvermə ilə qəbul olunur və iclasları protokollaşdırılır.
İdarə Heyəti
PAŞA Sığortanın icraedici orqanının üzvləri – İdarə Heyəti şirkətin cari fəaliyyətinə nəzarəti həyata keçirir, strateji planının, illik büdcənin, maliyyə hesabatlılığının və sığorta əməliyyatlarının icrasını təmin edir.
İdarə Heyəti 5 nəfərdən ibarət heyətdə təşkil olunmuşdur və tanınmış bеynəlхalq və milli biznеs strukturlarda böyük təşkilati və əməliyyat təcrübəsinə malikdirlər. Heyətin bütün qərarları səs çoxluğu nəticəsində qəbul olunur və protokollaşdırılır.
Keyfiyyət İdarəetmə Komandası
Şirkət "ISO 9001:2015" standartının tələblərinə uyğun olaraq qurulmuş Kеyfiyyət İdarəetmə Sistеmi (Quality Managеmеnt Systеm) əsasında işləyir. Keyfiyyət idarəetmə sisteminin ISO 9001: 2015 Beynəlxalq İdarəetmə standartlarına, real iş proseslərinə və cari ehtiyacların təmin edilməsinin uyğunluğuna nəzarət Keyfiyyət komandası və keyfiyyət meneceri tərəfindən həyata keçirilir. Şirkət "ISO 10002: 2018" beynəlxalq müştəri məmnuniyyəti sertifikatına malikdir.
Keyfiyyət komandası üzvləri hər bir struktur bölməsinin əməkdaşlarından ibarətdir və hər bir aidiyyatı struktur bölməsi üzrə biznes proseslərin və sənədlərin aktual saxlanılmasına nəzarəti həyata keçirir. Proseslərin daxili monitorinqi ildə bir dəfədən az olmayaraq daxili auditor qrupu tərəfindən həyata keçirilir və yekun hesabat Rəhbərliyə təqdim olunur.
İnvestisiya Komitəsi
İnvestisiya Komitəsi şirkətin nizamnamə kapitalı və digər vəsaitlərinin investisiya olunması, onların banklar və digər maliyyə institutlarında, o cümlədən digər investisiya alətlərindən istifadə edərək effektiv şəkildə yerləşdirilməklə yüksək illik depozit faizləri və müvafiq sığorta haqlarını cəlb etməklə gəlirliliyin təmin edilməsi üzrə fəaliyyətlə məşğuldur. Komitə İdarə Heyətinə hesabat verir.
Komitə 5 nəfər üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Komitənin bütün qərarları səsvermə ilə rəsmiləşdirilir və bütün iclaslarının protokolları tərtib olunur.
İnformasiya Texnologiyalarının İdarə Olunması üzrə Komitə
İnformasiya Texnologiyalarının İdarə Olunması üzrə Komitə şirkətin İT üzrə idarəçilik və rəqabət səviyyəsinin artırılması üçün yaradılan peşəkarlar birliyidir. Komitə şirkətin daimi fəaliyyət göstərən kollegial orqanıdır və İT idarəetmə sisteminin ayrılmaz hissəsidir. İT Komitənin missiyası informasiya texnologiyalarından istifadənin səmərəliliyini artırmaqdır. Komitə öz fəaliyyətini təşkilatın Direktorlar Şurasının və İdarə Heyətinin qərarlarına uyğun olaraq həyata keçirir və İdarə Heyətinə hesabat verir.
Komitə 6 nəfər üzvdən ibarətdir. Komitənin bütün qərarları səsvermə nəticəsində qəbul olunur və bütün iclasları protokollaşdırılır.
İnsan Resursları, Daxili İnsan Resursları və Təyinat və Mükafatlandırma Komitələri
Bu komitələr insan resursları və mükafatlandırma siyasətlərinin prioritet vəzifələri ilə bağlı ilkin tədqiqat apararaq Direktorlar Şurasına tövsiyələr vermək məqsədilə təşkil edilmişdir.
Hazırda 3 üzvdən ibarət İnsan Resursları Komitəsi, 5 üzvdən ibarət Daxili İnsan Resursları Komitəsi və 3 üzvdən ibarət Təyinat və Mükafatlandırma Komitəsi vardır. Komitənin qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Strategiya və Büdcə Komitəsi
Strategiya və Büdcə Komitəsi – Cəmiyyətdə düzgün strategiyanın qurulması və faəliyyətin bu strategiyaya uyğun aparılması, Cəmiyyətin büdcəsinin tərtib edilməsi və onun icrası ilə bağlı Direktorlar Şurasına tövsiyələr vermək məqsədilə təşkil edilmişdir.
Komitənin tərkibi Direktorlar Şurası tərəfindən şuranın üzvləri sırasından seçilən 3 (üç) nəfər fiziki şəxs olan üzvlərdən ibarətdir. Komitənin qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Riskləri İdarəetmə Komitəsi
Riskləri İdarəetmə Komitəsi - Komitə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, risklər üzərində nəzarət, hesabatlılıq və monitorinqin effektiv aparılmasının təmin edilməsində tövsiyə və yardım verilməsi məqsədilə Direktorlar Şurası tərəfindən təşkil edilir.
Komitənin tərkibi Direktorlar Şurası tərəfindən şuranın üzvləri sırasından seçilən 3 (üç) nəfər fiziki şəxs olan üzvlərdən ibarətdir. Komitənin qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Etik Normalar Kodeksi
Etik normalar kodeksinin məqsədi dəyərlərə əsaslanan prinsiplər əsasında Şirkətin hər bir əməkdaşını məsuliyyətli biznes təcrübəsi, dürüst və etik davranış sahəsində ən yüksək standartlara riayət etməyə, Kodeksin dəyərlərinə uyğun düşüncə və davranış formalaşdırmağa, beləliklə də dəyərlərə əsaslanan təşkilatın yaranmasına töhfə verməyə təşviq edən Şirkət mədəniyyətini və mühitini yaratmaqdır.
BİZNES BAXIŞIMIZ – Biz güvənli gələcək üçün sığortanın sadə və əlçatan olmasını təmin etməyə çalışırıq. – Biz güvənli gələcək üçün sığortanın sadə və əlçatan olmasını təmin etməyə çalışırıq.
MİSSİYAMIZ – Biz peşəkarlığımıza əsaslanaraq əminlik yaradan və yüksək keyfiyyəti təmin edən xüsusi sığorta həlləri təklif edirik.
DƏYƏRLƏRİMİZ:
Beş dəyərimiz "PAŞA Sığorta" ASC-nin ümumi fəlsəfəsinin, missiya və biznes baxışının təcəssümüdür.
Etik prinsiplərimiz dəyərlərimizə bağlıdır və bizə iş yerində dəyərlərimizin necə tətbiq edilməli olduğu ilə bağlı istiqamət verir.
DÜRÜSTLÜK
Biznesimizin təməlində dürüstlüyə tam sadiqlik dayanır. Bizim üçün bu, həmişə və hər zaman, hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq deməkdir. Ən bəsit səviyyədə bu, fəaliyyət göstərdiyimiz ölkənin qanunlarına və qaydalarına hörmətlə yanaşmaqdır. Dürüstlük özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq deməkdir.
Dürüstlük dəyəri üzrə prinsiplərimiz:
-Qanun, qayda, daxili siyasət və korporativ idarəetmə standartlarına riayət;
-Ədalətlilik prinsipinə riayət;
-Qeyri-əxlaqi hərəkət və cinayət fəaliyyətlərinin qarşısının alınması və haqqında məlumat verilməsi;
-Maraqların toqquşmasından çəkinmə;
-Şirkətin nüfuzunun qorunması;
-Aktiv siyasi fəaliyyətdən çəkinmə;
-Əqli mülkiyyətin və digər aktivlərin qorunması.
2. KEYFİYYƏT
İşimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı ilə düz mütənasibdir. Bundan yan keçmək mümkün deyil. Biz həmişə qoyduğumuz standartlara riayət edirik, gecə və gündüz vədimizə əməl edirik – optimal nəticələr əldə etmək üçün diqqətli şəkildə keyfiyyəti səmərəliliklə tarazlaşdırırıq. Buna görə də, biz həm fərdi surətdə, həm də təşkilat kimi yeni səylərə can atırıq və daima öyrənməyə və təkmilləşməyə çalışırıq.
Keyfiyyət dəyəri üzrə prinsiplərimiz:
-Bütün işlərimizdə keyfiyyətin əsas tutulması və təmin edilməsi;
-Keyfiyyət və səmərəlilik balansının təmin edilməsi;
-Peşəkar inkişaf fürsətlərinin təmin edilməsi.
3. GƏLİRLİLİK
Biz öz səhmdarlarımızın və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda yaradırıq. Əslində, bu gün qazanılan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı olmasına təminat verir. Heyətimiz başa düşür ki, qazanılan vəsaitlə yanaşı qənaət edilən hər bir vəsait dəyər gətirir. Eyni zamanda, qısamüddətli biznes məqsədlərini izləyərkən biz heç vaxt uzunmüddətli hədəfimizi (dayanıqlı qlobal biznes yaratmaq və onu qoruyub saxlamaq) nəzərimizdən qaçırmırıq.
Gəlirlilik dəyəri üzrə prinsiplərimiz:
-Gözləntilər və məqsədlərin aydın müəyyən edilməsi;
-Qazanılmış mənfəətlə səhmdarlara (təsisçilərə) və bütövlükdə cəmiyyətə xidmətin göstərilməsi;
-Davamlı iqtisadi və biznes inkişafının təşviq edilməsi.
4. ƏMƏKDAŞLIQ
Biz departamentlər və biznes bölmələri vahid komanda şəklində işləyərkən fenomenal nəticələrə nail oluruq. Müştərilərimiz, tərəfdaşlarımız və təchizatçılarımızla əməkdaşlıq edərkən bazardakı gözləntiləri artıqlaması ilə üstələyirik. Etimad və hörmət əməkdaşlıqla bəslənir.
Əməkdaşlıq dəyəri üzrə prinsiplərimiz:
-Strateji aktivlər və müxtəlif maraqlı tərəflərlə sıx əməkdaşlığa nail olunması;
-Ayrı-seçkilik, favoritizm, qısnama və hədə-qorxudan azad iş mühitinin təmin edilməsi;
-Qarşılıqlı hörmət və diqqətin təmin edilməsi.
5. SAHİBKARLIQ RUHU
Ətrafımızdakı dünya daima dəyişməkdədir və buna görə də biz çox vaxt qeyri-müəyyənliklə işləməli oluruq. Biz yeni imkanlar axtarırıq və iri addımlar atmağa – digərlərinin cəsarət etmədiklərini etməyə və gedə bilmədikləri yerlərə getməyə hazırıq. Biz əlavə yol qət etmək və ya yeni səylər gerçəkləşdirmək üçün üzərimizə məsuliyyət götürməkdən qorxmuruq. Heyətimiz şirkətə öz şəxsi biznesləri üçün edə biləcəkləri qədər qayğı, istək və diqqətlə yanaşır.
Sahibkarlıq dəyəri üzrə prinsiplərimiz:
-Təşəbbüskarlığın təşviq və təbliğ edilməsi.