*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Sığorta növünü seçin

Bağla

Müştəri məmnuniyyəti

Bağla

Korporativ İdarəetmə


Korporativ İdarəetmə şirkətin fəaliyyətinin təmin edilməsinə birbaşa təsir göstərən, həmçinin şirkətin gələcək inkişafını səciyyələndirən qanunların, proseslərin, siyasətlərin, şirkətdaxili qaydaların və strateji xarakter daşıyan göstərişlərin toplusudur.

Korporativ İdarəetməni təşkil edən sənədlər toplusu şirkətin müvafiq idarəetmə orqanları arasında hüquq və öhdəliklərin düzgün bölüşdürülməsini, həmçinin səlahiyyətləri çərçivəsində effektiv və operativ fəaliyyət göstərməsini, o cümlədən şirkətin inkişafına təsir edən digər idarəetmə prinsiplərinin müəyyənləşdirişilməsini təmin edir.

Liderlik

Liderlərimiz şirkətin ümumi inkişaf istiqamətini və gələcəyə baxışını müəyyənləşdirir, insan resurslarının şirkətin dəyər və məqsədlərinə söykənərək çalışmasını təmin edir, yeni biznes əlaqələrinin qurulmasını, o cümlədən yeni sosial yönümlü layihələrin təbliğ edilməsini həyata keçirir, ətrafdakıları ruhlandırır və motivə edir.

Rəhbərliyin funksiyaları

Şirkətimizin rəhbərliyi aşağıdakı funksiyaları həyata keçirir:

  • Korporativ mədəniyyəti, dəyərləri, strategiyanı, etik davranış qaydalarını, missiyanı və gələcəyə baxışı müəyyənləşdirir;
  • İnsan resursları daxil olmaqla şirkətin əsas aktivlərini formalaşdırır və şirkətin gəlirliyini təmin edir;
  • Qanunçuluğu, sosial yönümlü layihələri tətbiq və təbliğ edir;
  • Sağlam iş şəraitinin yaradılmasını təmin edir;
  • İşçilərin peşəkar inkişafı üçün şərait yaradır və onları ümumi hədəf uğrunda çalışmaları üçün ruhlandırır.

İdarəetmə orqanları

“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin korporativ idarəetmə sistemi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınaraq və beynəlxalq korporativ idarəetmə standartlarından və təcrübəsindən yararlanaraq qurulmuşdur və bu sistem aşağıdakılardan ibarətdir:

  • Ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yığıncağı
  • Ümumi rəhbərliyi və sığortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən Direktorlar Şurası
  • İcra orqanı olan İdarə Heyəti
  • Sığortaçının maliyyə təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirən Təftiş Komissiyası
  • Keyfiyyət Qrupu
  • Daxili Komitələr

Şirkətimizdə Korporativ İdarəetmənin tətbiqində əsas məqsəd qanunvericiliyin tələblərinə riayət etməklə korporativ idarəetmə orqanları arasında qarşılıqlı xoşməramlı münasibətlərin yaradılması və qorunub saxlanılması, onların arasında effektiv əməkdaşlığın qurulması və vaxtlı-vaxtında şəffaf məlumatların verilməsidir.

Bizim şirkətdə korporativ idarəetmənin əhəmiyyətli rolunun artırılması ilə yanaşı, korporativ mədəniyyətin və korporativ etikanın inkişafına da xüsusi diqqət yetirilir. Şirkətimizin korporativ idarəetmə sahəsində atılmış mühüm addımlardan biri də 2014-cü ilin yanvar ayında "Etik Davranış Kodeksi"nin qəbul olunmasıdır.

Səhmdarların Ümumi Yığıncağı


PAŞA Sığortada qərar qəbul edən baş orqan – şirkətin səhmdarlarının ümumi iclasıdır. Səhmdarların Ümumi İclası ildə bir-iki dəfə toplanır və şirkətin inkişafının əsas istiqamətlərini müəyyən edir. Yığıncağın bütün qərarları səs çoxluğu ilə qəbul olunur və müvafiq qaydada protokollaşdırılır.

Direktorlar Şurası

PAŞA Sığortanın fəaliyyəti üzərində ümumi nəzarətin və rəhbərliyin həyata keçirilməsi Direktorlar Şurası tərəfindən təmin olunur. Direktorlar Şurası şirkətin biznes strategiyasının və strateji layihələrin təsdiqi, reallaşdırılması və icra olunmasına ümumi nəzarəti həyata keçirir.

Şuranın tərkibi sədr də daxil olmaqla 5 nəfərlik heyətdən ibarətdir, beynəlxalq və yerli şirkətlərin biznes, idarəetmə, əməliyyat və təşkilati sahələrində uzunmüddətli təcrübəyə malikdirlər. Şuranın bütün qərarları səsvermə nəticəsində qəbul olunur və bütün iclasları protokollaşdırılır.

Təftiş Komissiyası

PAŞA Sığortanın maliyyə təsərrüfat fəaliyyətinə nəzarət Təftiş Komissiyası tərəfindən həyata keçirilir. Komissiya şirkətin maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət edir, şirkətin illik maliyyə nəticələrinə dair tövsiyə və rəy bildirir, Daxili Audit Xidmətinin fəaliyyətinə nəzarəti həyata keçirir.

Komissiyanın üzvləri maliyyə və nəzarət sahəsində əsaslı təcrübəyə malik namizədlərdən təşkil olunmuşdur və 3 nəfər heyətdən ibarətdir. Komissiyanın bütün qərarları səsvermə ilə qəbul olunur və iclasları protokollaşdırılır.

İdarə Heyəti

PAŞA Sığortanın icraedici orqanının üzvləri – İdarə Heyəti şirkətin cari fəaliyyətinə nəzarəti həyata keçirir, strateji planının, illik büdcənin, maliyyə hesabatlılığının və sığorta əməliyyatlarının icrasını təmin edir.

İdarə Heyəti 5 nəfərdən ibarət heyətdə təşkil olunmuşdur və tanınmış bеynəlхalq və milli biznеs strukturlarda böyük təşkilati və əməliyyat təcrübəsinə malikdirlər. Heyətin bütün qərarları səs çoxluğu nəticəsində qəbul olunur və protokollaşdırılır.

Keyfiyyət Qrupu

Şirkətin Keyfiyyət İdarəetmə Sisteminin ISO 9001:2015 Beynəlxalq İdarəetmə Standartının tələblərinə və şirkətin real biznes proseslərinə uyğunluğunu və cari ehtiyaclarının təmin edilməsinə nəzarət olunması və yoxlanılması Keyfiyyət Qrupu tərəfindən həyata keçirilir.

Qrupun üzvləri 11 nəfərdən ibarətdir və hər bir üzv şirkətin müvafiq biznes istiqamətlərinə kurasiyanı həyata keçirir. Qrup üzvləri tərəfindən ildə iki dəfədən az olmayaraq proseslərin daxili yoxlaması keçirilir və İdarə Heyətinə yekun hesabat təqdim olunur. Qrupun fəaliyyəti iclas protokolları ilə rəsmiləşdirilir.

Daxili Komitələr


Depozit və İnvestisiyalar Komitəsi

Depozit və İnvestisiyalar Komitəsi şirkətin nizamnamə kapitalı və digər vəsaitlərinin investisiya olunması, onların banklar və digər maliyyə institutlarında, o cümlədən digər investisiya alətlərindən istifadə edərək effektiv şəkildə yerləşdirilməklə yüksək illik depozit faizləri və müvafiq sığorta haqlarını cəlb etməklə gəlirliliyin təmin edilməsi üzrə fəaliyyətlə məşğuldur. Komitə İdarə Heyətinə hesabat verir.

Komitə 7 nəfər üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Komitənin bütün qərarları səsvermə ilə rəsmiləşdirilir və bütün iclaslarının protokolları tərtib olunur.


İnformasiya Texnologiyalarının İdarə Olunması üzrə Komitə

İnformasiya Texnologiyalarının İdarə Olunması üzrə Komitə şirkətin İT üzrə idarəçilik və rəqabət səviyyəsinin artırılması üçün yaradılan peşəkarlar birliyidir. Komitə şirkətin daimi fəaliyyət göstərən kollegial orqanıdır və İT idarəetmə sisteminin ayrılmaz hissəsidir. İT Komitənin missiyası informasiya texnologiyalarından istifadənin səmərəliliyini artırmaqdır. Komitə öz fəaliyyətini təşkilatın Direktorlar Şurasının və İdarə Heyətinin qərarlarına uyğun olaraq həyata keçirir və İdarə Heyətinə hesabat verir.

Komitə 6 nəfər üzvdən ibarətdir. Komitənin bütün qərarları səsvermə nəticəsində qəbul olunur və bütün iclasları protokollaşdırılır.


İnsan Resursları və Mükafatlandırma Komitəsi

İnsan Resursları və Mükafatlandırma Komitəsi – insan resursları və mükafatlandırma siyasətlərinin prioritet vəzifələri ilə bağlı ilkin tədqiqat apararaq Direktorlar Şurasına tövsiyələr vermək məqsədilə təşkil edilmişdir.


Komitənin tərkibi Direktorlar Şurası tərəfindən şuranın üzvləri sırasından seçilən 3 (üç) nəfər fiziki şəxs olan üzvlərdən ibarətdir. Komitənin qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.


Büdcə və Strategiya Komitəsi

Büdcə və Strategiya Komitəsi – Cəmiyyətdə düzgün strategiyanın qurulması və faəliyyətin bu strategiyaya uyğun aparılması, Cəmiyyətin büdcəsinin tərtib edilməsi və onun icrası ilə bağlı Direktorlar Şurasına tövsiyələr vermək məqsədilə təşkil edilmişdir.


Komitənin tərkibi Direktorlar Şurası tərəfindən şuranın üzvləri sırasından seçilən 3 (üç) nəfər fiziki şəxs olan üzvlərdən ibarətdir. Komitənin qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.


Riskləri İdarəetmə Komitəsi

Riskləri İdarəetmə Komitəsi - Komitə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, risklər üzərində nəzarət, hesabatlılıq və monitorinqin effektiv aparılmasının təmin edilməsində tövsiyə və yardım verilməsi məqsədilə Direktorlar Şurası tərəfindən təşkil edilir.


Komitənin tərkibi Direktorlar Şurası tərəfindən şuranın üzvləri sırasından seçilən 3 (üç) nəfər fiziki şəxs olan üzvlərdən ibarətdir. Komitənin qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.